Əli Əhmədov artıq 55 ildir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında teatr ustası və başmaqçı vəzifəsində çalışır. Ola bilsin ki o, yeganə insandır ki başmaqçı olmaqla yanaşı Əməkdar Mədəniyyət İşçisi fəxri adına da layiq görülmüşdür. Təəssüf ki, indiyə qədər bu işgüzar və istedadlı adam haqqında qəzet və jurnallarda lazımı qədər yazılmamışdır. Ona görə də biz Əli ustanın fəaliyyəti haqqında bir materialı dərc etməyi lazım bilirik. Buyurun, oxuyun.
Mən Şəkiliyəm. Keçən əsrin 40-cı illərində Şəkidə bir otelye var idi. Məktəbi bitirəndən sonra məni ora işləməyə göndərdilər. Bu peşəni elə orada öyrənməyə başladım.
Böyük vətən müharibəsi başlayandan sonra ailəmizin vəziyyəti daha da çətinləşdi. Bizim ailəmiz çətinliklə dolanırdı. Anamız bizi corab toxumaqla saxlayırdı. Toxuduğu corabları gizli olaraq orduya göndərirdik.
Mən atamı görməmişəm, çünki atam repressiya olunmuşdu. Bu səbəbə görə mən ali tehsil ala bilməmişəm.
Illər keçdi, mən bu sənətdə daha da püxtələşdim. Biz ailəliklə Bakı şəhərinə köçdük. 1959-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra, məni Bakı Filarmoniyasına işləməyə dəvət etdilər. Mən indiyə kimi orada teatr ustası və başmağçı vəzifəsində çalışıram.
Sovet dövründə də mənim müsbət işlərim olub – mənə Əməkdar Mədəniyyət İşçisi fəxri adını veriblər.
Işlədiyim illərdə mənə aydın olub ki, bu sənət qədim Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Milli başmağımızın 11 növü vardır. Onların hərəsi bir məqsəd daşıyır .Bayram və yas mərasimləri üçün tikilən başmaqlar fərqli olur.
Dilimizdə belə bir məsəl var „Başmaq seyrinə çıxmaq“ . Yəni yaxın məsafələrdə gəzmək, ətrafı seyr etmək.
Narahatam ki, bu sənəti ailəmdə davam etdirən yoxdur. Iki oğlum var, heç biri sənətimi davam etdirmək istəmir, çünki həvəsləri yoxdur. Bunun üçün həvəs olmalıdır. Mən isə bu işin həvəskarıyam.
El arasında bu sənətdə işləyənlərə ümumi şəkildə sapojnik deyirlər, lakin bizim dilimizdə bu sözün bir neçə adı vardır: başmağçı, çəkməkçi , çağırçı və sairə.
Bu sənət məni Azərbaycan ədəbiyyatına həmişəlik bağlamışdır. Mən bütün Azərbaycan klassiklərinin əsərlərini dönə-dönə oxumuşam. Hətta oğullarımdan birinin adını Nizami, digərinin adını isə Xəqani qoymuşam.
Səməd Vurğunun 70 illiyi yubileyi müsabiqəsində „Qız qayası“ poemasını əzbər demişəm. Buna görə mənə 1 dərəcəli mukafat verilmişdir. Həmin poemanı indi də əzbər deyə bilərəm.
Mən hesab edirəm ki, hər bir azərbaycanlı öz dilində sərbəst şəkildə danışa bilsin. Nitqi rəvan və gözəl olsun. Bununla yanaşı hər bir vətəndaşımız mümkün qədər başqa dilləri də öyrənsə çox yaxşı olar. Lakin əsl mədəniyyət odur ki, milli dilimizdə danışarkən qarışıq ifadələrə yol verilməsin. Dahi Nizami demişdir “İstərəm bir yaxşı oxuyub yazan, zövq alsın fikrimi dərinnən duyan“. Elə də olmalıdır.
Bəlkə inanmarsız, amma mənim yeganə arzum müstəqil Azərbaycanın əbədiliyi və torpağlarımızın düşmən tapdağından azad olmasıdır.