Könüllülük nəyə görə vacibdir.
Uşaqlar dünyaya gələrkən labüd surətdə öz ailəsinin qayğısı ilə olmasa da, heç olmasa, dövlət orqanlarının himayəsi ilə əhatə olunurlar. Əvvəldə qeyd etdiyimiz kimi, tənha qocalar isə tamamilə diqqətdən kənarda qalırlar. Ona görə də bu gün ahıl pasiyentlərə könüllülər tərəfindən yardım göstərilməsinin əhəmiyyətindən söz açmaq istərdik.
Herontologiya şöbəsinə düşmüş tənha qoca hələ sağlığında ikən insan cəmiyyətini tərk edir. Onun bütün həyatı dövlətin ayırdığı çarpayı-yeri tutmaqdan ibarətdir. Boyanmış divarlar, yeni günün əvvəlkilərdən fərqlənməməsi, həyat üçün stimulun, hətta insana öz obrazını xatırladan adi güzgünün belə olmaması kimi yeknəsəq mövcudluq yalnız ağıl zəifliyindən əziyyət çəkən pasiyentlərin xəstəliyinin irəliləməsinə səbəb olmur, həm də bu şəraitdə olan hər kəsin insanlığını itirməsinə gətirib çıxarır. Acı istehzaya yol versək, təsəlli yalnız bundan ibarətdir ki, belə müəssisənin pasiyentlərini irəlidə gözləyən günlərin sayı onların arxada qoyduqları günlərin sayından qat-qat azdır.
Könüllünün vəzifəsi də məhz tənha qocalara həyat hissini qaytarmaqdan, onlara dolğun həyatı təşkil edən kiçik sevincləri yenidən yaşamaq imkanı verməkdən ibarətdir. Bunun adi ünsiyyət, hədiyyə, yoxsa xüsusi təşkil olunan tədbir olması vacib deyildir. Başlıca məsələ pasiyentlərin yenidən insan cəmiyyətinə cəlb olunduqlarını hiss etmələridir, bu isə artıq öz-özlüyündə müalicədir.
Qocalara bilavasitə yardım göstərilməsindən əlavə, könüllülük onun iştirakçıları üçün də faydalı olacaqdır. Könüllülərin yardımının güclü inkişaf etdiyi və kifayət qədər davamlı tarixə malik olduğu Qərb ölkələrinin təcrübəsi göstərir ki, gənclərin qocaları qayğı göstərilməsində iştirakı nəsillər arasında uçurumu aradan qaldırmağa kömək göstərir. Əlbəttə, gənclərin əksəriyyətinin ahıl qohumları, babaları və nənələri vardır, lakin məhz könüllünün qan bağının olmadığı yad qocalara şüurlu yardım göstərilməsi təcrübəsi başqa nəsillərə mənsub insanlara daha həssas münasibəti, habelə öz həyatına daha yetkin və məsuliyyətli münasibəti inkişaf etdirməyə kömək edir.
Bundan əlavə, könüllülük kiçik uşaqlar üçün də yaxşı nümunəyə çevrilir. Uşaq kiçik yaşlarından etibarən insanlara kömək göstərmək üçün yaşlıların müqabilində heç nə ummadan özlərinin sərbəst vaxtının bir hissəsini qurban verməyə hazır olduğunu gördükdə onun əşyaları deyil, insanları başlıca dəyər hesab edən həssas insan kimi böyüməsi ehtimalı xeyli artır.
Bu fikir nə qədər gurultulu səslənsə də, inanmaq istərdik ki, ilk baxışdan cüzi olan könüllü əməllərin məcmusu dünyanı xeyli yaxşılaşdırmağa kömək göstərə bilər.