Ölkəmizin yetişdirdiyi tibb kadrlarından danışmağa davam edirəm. Bu dəfə söhbət Allahverdi Şahverənovdan gedəcək. Mən onu hələ universitet illərindən aktivist və müxtəlif elmi dərnəklərin üzvü kimi tanıyıram. Ona görə yaxın keçmişdə onun elmi fəaliyyətə davam etdiyini oyrənəndə təəccüblənmədim. Mən ona təəcublendim ki, o öz elmi karyerasını Çində edir. Bu nadir haldır. Belə ki bizim tibb işçilərinin ən çox getdikləri ölkələr Türkiyə, Almaniya, Fransa, Ispaniya, Amerika və Avstraliyadır. Amma Çin haqda eşitməmişdim. Gəlin onun hekayəsini dinləyək!
Mən Allahverdi Şahverənov. Çin Xalq Respublikasında onkologiya sahəsi üzrə PhD və rezidentura təhsili alıram. Hal-hazırda daha dar ixtisas: Mərkəzi Sinir Sistemi şişləri üzrə ixtisaslaşmışam. Yəni neyro-onkoloq.
Əslində hədəfim Almaniya idi. Ancaq Çinə Almaniyadan əvvəl sənəd vermişdim. Çinə qəbul dəqiqləşdi. Ancaq Almaniya sənədləşmə proseslərində gecikmə və sairələrlə bağlı olaraq Çinə gedəsi oldum. Yəni konkret hədəfim deyildi. Ancaq çox sevinirəm ki, buraya gəldim. Bu cür elmi inkişaf sürəti dünyanın yalnız 1 ölkəsində tapa bilərsiniz: ABŞ -şəxsi fikrimdir.
Xaricdə təhsil almaq real elm ilə məşğul olmaq və elmi ingilis dilimi maksimum inkişaf etdirmək həvəsimə nəzarət edə bilməməyimlə bağlıdır. Əsasən, ingilis dilində müasir elmi yenilikləri tədris edən mərkəzlər əsas hədəfim idi. Arzuladığım kimi hal-hazırda ingilis dilində təhsil alıram və real elm ilə məşğul oluram.
Saat 08:00-da hospitalda klinik işlərimiz və laboratoriyada təməl tədqiqatlarımız başlayır. Ən sevdiyim saat 12:00-dir, çünki 2 saat yarımlıq istirahət verilir. Viruslarla gen transferindən tutmuş konfokal mikroskoplarda canlı hüceyrələri izləmək qədər həzz verici işlər günün ən gözəl qisimləridir.
Işi qrup şəklində aparırıq. Qrupumuza rəhbərliyi 2 şəxs edir: Kanser mərkəzinin direktoru və laboratoriyanın rəhbəri. Hər 2-si ABŞ-da təhsil aldıqları üçün qrup şəklində fəaliyyətdən daha çox fayda görəcəyimi düşünürəm.
Qaldiğım şəhər – Wuhan şəhəridir. Hubei provinsdə yerləşir.Təxminən 10 milyon insan yaşayır. Müasir göydələnlər, kitabxanalar, universitetlər, böyük alış-veriş mərkəzləri və s.
Çin insanlardan çox razıyam – köməksevər, gülərüz insanlardılar. Azərbaycan insanları yolda, içtimai mühitlərdə aqressiv davranmağından həmişə sıxılırdım və az da olsa mübarizə aparırdım. Amma burada buna ehtiyac yoxdur. İnsanlar xarici vətəndaşları çox istəyir. Razı olmadığım cəhətləri hava kirliliyi və trafik mədəniyyətlərinin aşağı olmasıdır.
Çinli elm insanları ilə vaxtımın çoxunu paylaşıram. Onlara Azərbaycanda ingilis dilində təhsil almağın maksimum mümkünlüyünü, Azərbaycanlıların elmə həvəslərinin yüksək olduğunu, Lütfizadəmizin olduğunu, bir sözlə, elmi uğurlarımızla tanıtdırmağa çalışıram bizi. Azərbaycan yeməklərindən heç nə bacarmadığım üçün yeməklərimizi şəkilləri ilə tanıdıram.
Aldığım bilgiləri Facebookda yaratdığım səhifələrdə və qruplarda hal-hazırda paylaşıram. Gələcəkdə isə real tətbiqini Azərbaycanda etməyin maksimum mümkün olacağına inanıram. Bir sözlə, az da olsa, faydam ola bilər.
a+b+c sxemi fikrimcə kifayətdir. a=1 ədəd 16 mərtəbəli bina + b=İmpakt faktoru 0.5-dən yüksək jurnallarda məqalələri olan elm insanlarını yüksək maddi təminatla təmin etmək və dəvət etmək + c= həmin alimlərin dedikləri cihazları almaq.
Sonda kolleqalarıma elmi İngilis dilini mütləq və mütləq təkmilləşdirmələrini, keyfiyyətsiz tibbi kitablarla başbeyinlərini yormamalarını və real elm həvəskarı kimi təhsil almalarını təklif görərdim. Elm çox qısqanc sahədir. Vaxt və dəqiq qayğı tələb edir… Uğurlar!