Söz verdiyim kimi sizə tibb sahəsində olan gənc və uğurlu mütəxəssislərdən danışacağam. Bu gün çox maraqlı həmsöhbətim var. Gənc mütəxəssis, həkim kardiocərrah, Türkiyənin qabaqcıl kardiocərrahi mərkəzlərində, Avstriyada Avropanın ən böyük və qədim xəstəxanalarından olan Vyana AKH xəstəxanasında 2 il kliniki təcrübə və ABŞ-ın dünyada məhşur olan Cleveland xəstəxanasında praktiki kurs keçmiş, hazırda isə Mərkəzi Klinikanın Gəncə filialında ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri- Vüqar Qapaqov
– Vügar, səni yüksək peşəkarlığı ilə fərqlənən gənc kardiocərrah kimi tanıyıram, özüm də bir həkim olaraq, bu günə qədər keçdiyin yolun nə qədər çətin olduğunu təsəvvür edirəm. Keçdiyin yolun başlanğıcından bir az danışardın.
– Bu yolun başlanğıcında seçdiyim sənətə vurğunluq durur. Əslində daxilində belə bir gücü hiss etməsən, bu yolu getmək mümkün deyil. Hələ Universitetdə oxuduğum zaman müəllim və dostlarım hansı sənəti seçəcəyımı soruşanda kardiocərrahiyyə deyirdim.
– Tibb hər zaman inkişafda olan bir sahədir, kardiocərrahiyyə isə texniki və təcrübə baxımından fenomenal bir peşəkarlıq tələb edir. Öz sənətində necə təkmilləşmisən?
– Məncə istənilən sahədə uğur əldə etmək istəyirsənsə, daim təkmilləşmək, daim öyrənmək lazımdır. Bu baxımdan kardiocərrahiyyə isə tibb piramidasının zirvəsi olduğunu düşünürəm. Bu zirvəyə çıxmaq yorulmadan üzərində çalışmaqla mümkündür.
– Mən özüm artıq iki ildir ki, Almaniyada işləyirəm və düzünü desəm, bütün sosial ve professional amilləri nəzərə alaraq, hazırda vətənə qayıtmağı özümə çətinliklə təsəvvür edirəm. Bu qərar sənin üçün asan və birmənalıdırmı?
– Həyatımın ən çətin qərarlarından biri idi -geri dönmək. Aylarla düz və ya səhv etdiyimi düşünmüşəm, lakin zaman keçdikdən sonra anladım ki, vətənə dönüb işləmək qədər qürurverici duyğu yoxdur.
– Xarici ölkələrdə nə gördün, nə əldə etdin, aldığın bilikləri necə tədbiq edə bildin?
– Əlbəttə gördüklərim və öyrəndiklərim elmin ən son yenilikləri oldu, onların bir qismini tətbiq edə bilsəm də, bir çox yeniliklərə nail olmaq isə sizlərin də vətənə qayıdıb birgə çalışmağımızdan sonra mümkün olacaqdır.
– Vüqar, hazırda Mərkəzi Klinikanın Gəncə filıalında ürək-damar cərrahiyyəsi şöbəsinin müdirisən, sənin və həmkarlarının sayəsində ürək cərrahiyyəsi kimi məsuliyyətli sahədə böyük və ağır əməliyyatlar keçirilir. Bu barədə nə deyə bilərsən?
– Bu əlbəttə çox çətin bir işdir. Belə bir ağır sahədə, regionda ilk dəfə həm rutin bu işi görmək, həm də peşəkar bir komanda hazırlamaq çətindir, ama çox da şərəflidir.
– Bildiyimə görə, sən həm də elmi işlə məşqulsan. Elmi və praktiki işini eyni zamanda necə aparırsan? Daha hansı nailiyyətlərə nail olmaq istəyirsən?
– Elmi fəaliyyət həmişə təkmilləşmək üçün lazımdır, bunun üçün zaman ayırmaq çətin olsa da vacibdir. Ən son texnologiyaların regionda icrası qarşıdaki hədəfimizdir.
– Sonda, seçdiyiyi sahədən asılı olmayaraq, bizi oxuyan və ilk addımlarını atan, yüksək nailiyyətlər arzusunda olan gənc mütəxəssislərə nə tövsiyyə edə bilərsən?
– Əgər yüksək nailiyyətlər arzunuzdursa, ürəkdən bu işi sevib, yorulmadan addımlamağı bacarmalısınız…