Yol getməyi sevirəm, təbii ki söhbət uzun yollardan gedir. Bu sevgi isə səyahət etmə sevgisindən doğur. İşlərim və istəklərim sayəsində demək olar hər ay (bəzən ayda bir neçə dəfə) bir regiona səfər edirəm. Sonuncu dəfə isə işlər tamamilə spontan baş verdi. Yusif adlı tanışımla bir-birimizə ötəri söz vermişdik ki, Lahıca səfər edək. Mənə elə gəlir ki, bu söz ikimizin də yadından çıxmışdı. Səfərdən iki gün öncəyə qədər. Son görüşümüzdə Yusif sabah İsmayıllıya getməyimizi təklik elədi. Necə oldusa mən də çox asanlıqla qəbul etdim. Səhəri gün Yusifun məni bir saat gözlətməsinə baxmayaraq yola düşdük.
Səyahətin maraqlı olması avtostopla getmək istədik. Amma bir neçə saat gözlədik və bunun yaxşı fikir olmadığı nəticəsinə gəldik və taksiyə əyləşib İsmayıllıya yola düşdük. İndidən qeyd edim ki, əgər siz heç vaxt İsmayıllıda olmamısınızsa və taksiylə getmək istəyirsinizsə, sürücüylə İsmayıllı sakini kimi davranmalısınız, yoxsa çox baha qiymətə gedəcəksiniz.
Yolun çox hissəsini (hər zaman olduğu kimi) yatdığım üçün bir o qədər də maraqlı yol xatirələrim olmadı. Sağ olsun Yusif də bu anı ölümsüzləşdirib.
Təxminən 150 dəqiqəyə İsmayıllıya çatdıq. Mərkəz adlanan yerdə ( hansı ki, Bakıya və bir neçə yaxın rayonlara maşınlar burdan gedir) bir çay içmək qərarına gəldik. Səliqəli, kiçik çəpərə alınmış çayxanada demək olar gənc yox idi. Əksəriyyət 35-dən yuxarı yaşlılar idi. Çayxanada çox maraqlı bir mənzərənin şahidi oldum. Qocalar şahmat oynayırdı, amma necə şahmat. Saatla. Elə təəccüblənmişdim ki, bu anın fotosunu çəkməyə bilməzdim. xahiş etdikdə isə çox sağolsunlar ki, asanlıqla icazə verdilər.
Mən adətən tanımadığım insanın şəklini çəkərkən insanlar bundan müəyyən qədər çəkinir, hətta bəziləri nə üçün çəkdiyimi də soruşur. Şahmat oynayan sakinlər isə çox rahatlıqla razılaşdılar və hətta kameraya gülümsədilər. İsmayıllı ağsaqqallarının belə səmərəli istirahəti və gənclərə (mənə) qarşı çox rahat münasibəti məni regionlar haqda bir daha düşünməyə vadar etdi.
Çayımızı bitirdikdən sonra elə çayxanadakı taksi sürücülərindən biri ilə, Lahıca getmək üçün qiymət bazarlığı etdik. Qiymətlərə o qədər də bələd olmadığımız üçün, istənilən qiymət bizə çox gəlirdi. Lakin sonda bir qiymətdə ortaq nəticəyə gəldik və İbrahim Tatlısəs mahnılarının sədaları altında Lahıca yola düşdük.
Sizi inandırım ki, bir qəsəbəyə gedən yol, maksimum bu qədər gözəl ola bilər. Yamyaşıl dağlar, arasında qələmlə çəkilmiş kimi yollar və s. Yol boyu ən maraqlı yerlərdən biri də asma körpü idi. Hansı ki, iki kəndi birləşdirir. Hətta iki dağı birləşdirir belə deyə bilərik. Sürücünün dediyinə görə körpü yararsız hala düşəndə kəndlinin həyatı iflic olur.
Lahıc yolu haqda deyə biləcəyim tək mənfi cəhət yolun bir hissəsinin daşlı-kəsəkli olması səbəbindən biraz gec çatmağımız idi. Lakin qəsəbəyə çatan kimi hər şey unutduq. Möhtəşəm idi. Yolda yemək yediyimiz üçün indi tək-düşündüyümüz şey, yatmaq idi. Qəsəbədə dostlaşdığımız bir neçə gəncin köməyi ilə, çadırımızı dağın döşündə qurduq və yatdıq.
Səhər biz artıq bütün günü nə edəcəyəmizi təxminən bilirdik. Çadırımızı yığdıqdan və gecə yerə atdığımız zibilləri təmizlədikdən sonra qəsəbəyə düşdük. Bir şeyi nəzərinizə çatdırım ki, belə səfərlərdə, ələxsus da çadırda qalırsızsa və tonqal qalayırsızsa mütləq ekoloji standartları yerinə yetirin. Ən azından ona görə ki, siz bura ikinci dəfə də gələ bilərsiz.
Təsəvvür edin, səhər yuxudan oyanmısız və bu mənzərə ilə qarşılaşmısız. Əslində dəhşətli bir şey deyil, amma hər gün bina tikintilərinin səsindən qulağı batan və maşın tüstüsü udan şəhər sakini bura gələndə əlbəttə ki, özünü cənnətdə hiss edəcək.
Bu elanı ilk dəfə görəndə çox təəccübləndim. Çünki internetdə də bu şəkli bir neçə səhifədə görmüşdüm. Amma başa düşdüm ki, vəziyyət heç də belə deyil. İnternetdə oxuduqlarım tamamilə şişirdilmiş və doğru olmayan məlumatlardır. Çünki mən də şortda idim və mənə qarşı heç bir mənfi fikir, baxış, münasibət yox idi. Gənclərdən bu haqda soruşanda isə hər şeyi mənə danışdılar və mənim bu barədə ağlımda heç bir sual qalmadı və sizi əmin edirəm ki, siz də normal ölçülərdə və biçimdə olan qısa şortunuzla Lahıcdda gəzə bilərsiniz.
Təbii ki, gənclər digər məşğuliyyətlər də icra nümayəndələri tərəfindən düşünülüb. Kitabxanadan başqa internet-resurs mərkəzi də fəaliyyət göstərir.
Lahıc haqda əksər məlumatları şəkildə gördüyünüz, çox istiqanlı bu xanımdan aldıq. Öz marketində müxtəlif ərzaq və hədiyyəlik mallarını satan bu xanım nəinki bizə Lahıcdan danışır hətta qalmaq üçün yer də təklif etdi.
Lahıcda maraqsız demək olar ki, heç nə yox idi. Getdiyimiz hər küçə, hər məhəllə ayrı bir gözəlliyi ilə bizi heyran edirdi. İnsanlar bizə çox mehriban və qonaqpərvər davranırdı.
Şəkildə gördüyünüz kişi müxtəlif təsərrüfat və məişət əşyaları hazırlayır. Təbii ki, burda təəccüblü heç nə yoxdur. Bəs sizə bu kişinin gözlərinin görmədiyini və qulaqlarının çox zəif eşitdiyini desəm? Heyrətdən adını soruşmağı unutduğum bu yaşlı kişi, iyirmili yaşlarının ortasından başlayaraq tarixi dildə desək, sənətkarlıqla məşğul olur. Gördüyümə və özünün də dediyinə görə, hiss edərək görür bu işi. İş dəzgahını dükanının düz qapısında qoyub ki, kənar şəxslər girə bilməsin. Amma onu deyim ki, çox ürəyaçıq biridir. Bizə də öz hazırladığı, əl əməyi-göz nuru çarıqlardan təmənnasız olaraq təklif etdi. Bir gün Lahıca yolunuz düşsə, mütləq bu qocaya baş çəkin.
Amma qeyd etməliyəm ki, Lahıcda əsas məşğuliyyət kimi misgərlik bilinir. Lahıc kişilərinin əksəriyyəti misgərliklə məşğul olur vəya misgərlik sənətinin bir çox sirrlərini bilir.
Gördüyünüz kimi, gənclər belə misgərliklə məşğul olaraq pul qazanır.
Bəs istirahət? Çox yerdə olduğu kimi burda da kişilər boş vaxtlarını çayxanada keçirir. Nahar etdiyimiz bu çayxanada kişilər müxtəlif oyunlar oynayır və televizorda gördüklərini müzakirə edirlər. Getmədən öncə burda lahıcın tanınmış yeməklərindən olan yarpaq dolmasını da burda yedik. Lahıca gələrkən bu yeməyi də unutmayın.
Gün sona yaxınlaşdıqca bizim də Lahıc macəramız sonlanırdı. Çünki nə qədər qalmaq istəsək də Bakıda görüləcək işlər bizi gözləyirdi. Lahıc ümumilikdə şəxsən mənim üçün əvəzsiz istirahət yeri, istər insanları, istərsə də təbiətlə yaratdığı möhtəşəmliklə ikinci dəfə gedəcəyim ilk yerə çevrildi. Antalya, Avropada dincəlməyin öz yeri olsa da mütləq Lahıc qəsəbəsinə də gəlməlisiniz.